Təhlükəli tendensiya: Xərçəng “cavanlaşır” | Qlobal tədqiqat

      Təhlükəli tendensiya:    Xərçəng “cavanlaşır”    | Qlobal tədqiqat
  05 Oktyabr 2023    Oxunub:1478
Xərçəng çox vaxt əsasən yaşlıların xəstəliyi kimi qəbul edilir. Lakin bu bəla getdikcə cavanlaşmaqdadır. Yeni araşdırma göstərir ki, 1990-cı ildən bəri yaşı 50-dən az insanlarda xərçəngin aşkarlanma nisbəti 80% artıb. Bunlara əsasən bağırsaq, mədə, döş, uşaqlıq və mədəaltı vəzi xərçəngləri daxildir.
Üstəlik, onlara getdikcə daha gec diaqnoz qoyulur. Mütəxəssislər bu həyəcanverici tendensiyanın səbəblərini müəyyən edə bilmirlər.

Tədqiqat zamanı 204 ölkədən və bölgədən olan 50 yaşdan kiçik insanlarda xərçəng riski araşdırılıb. Analiz üçün məlumatlar 1990-2019-cu illər arasında toplanıb. Alimləri həm şişlərin tezliyi, həm də növləri maraqlandırıb.

2019-cu ildə dünyada 3,26 milyon erkən xərçəng diaqnozu qoyulub ki, bu da 1990-cı illə müqayisədə 79% artım deməkdir. Müəlliflərin proqnozuna görə, 2030-cu ilə qədər 50 yaşa qədər insanlarda xərçəng xəstəliklərinin sayı daha 31% artacaq.

Xərçəngin erkən formalarından ölənlərin sayı da artıb. 2019-cu ildə dünyada 1,06 milyon insan bu xəstəliklərdən ölüb ki, bu da 1990-cı illərin əvvəli ilə müqayisədə 28% çoxdur. 40 yaşdan yuxarı insanlar erkən mərhələdə xərçəngə tutulma riski altındadırlar.

2019-cu ildə qadınlar üçün ən təhlükəli xərçəng döş xərçəngi, kişilər üçün isə ağciyər xərçəngi olub. Aşağı və orta gəlirli ölkələrdə ölüm nisbətləri artıb.

Qorxunc tendensiyanın konkret izahı yoxdur. Bəzən gənclərdə xərçəng genetik xəstəliklər nəticəsində ortaya çıxır, lakin bunlar nisbətən az sayda (təxminən 20%) olur. Həyat tərzi amilləri də bədxassəli şişlərin inkişafına kömək edir: düzgün olmayan qidalanma, alkoqol istehlakı, siqaret, fiziki fəaliyyətin olmaması və artıq çəki.

Alimlər qeyd edirlər ki, xərçəngin ilkin mərhələləri haqqında yüksək məlumatlılığı təmin etmək son dərəcə vacibdir. Əksər gənclər və hətta tibb mütəxəssisləri simptomlar görünəndə heç də həmişə xərçəngdən duyuq düşmürlər. İnsanların daha tez-tez həkimlərə müraciət etmələri və tibbi müayinələrdən keçmələri vacibdir, çünki xərçəngin erkən mərhələdə aşkarlanması müalicənin uğur şansını artırır.

Xərçəngin erkən mərhələləri ilə bağlı genişmiqyaslı tədqiqatlara həm milli, həm də beynəlxalq səviyyələrdə ehtiyac var. Hər bir insan təkbaşına erkən xərçəng riskini azalda bilər. Bunun üçün lazımdır:
• Sağlam qida;
• Siqareti tərgitmək;
• Spirt istehlakını azaltmaq;
• Günəşin altında çox qalmamaq;
• Sağlam çəkini qorumaq;
• Müntəzəm tibbi müayinədən keçmək;
• Şübhəli simptomlar olanda həkimə müraciət etmək.

Samir Quliyev
AzVision.az


Teqlər: Tibb  





Xəbər lenti